
Balıqçılıq sektoruna nəzarəti bundan sonra Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək

Balıqçılıq sektoruna nəzarəti bundan sonra Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək. Ekspertlər Prezidentin məlum fərmanının sözügedən sahədə ciddi dönüş yaradacağı qənaətindədirlər.
Azərbaycanda balıqçılıq sektorunda ciddi yeniliklər gözlənilir. Bu sahənin dövlət tərəfindən tənzimlənməsi Kənd Təsərrüfatı Nazirliyinə (KTN) həvalə edilib. Nazirliyin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Bu yenilik Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda öz əksini tapıb.
Fərmana əsasən, Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur. Belə ki, KTN şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.

Dövlət balıq istehsalçılarına dəstək verəcək
Yeniliklər balıqçılıq sahəsinə nəzarətin və tənzimləmənin KTN-ə həvalə edilməsi ilə bitmir. Fərmandan aydın olur ki, balıqçılıq kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid ediləcək. Eləcə də, bu sahəyə dövlət dəstəyinin verilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıb.
“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi –
nin sədri Zaur Salmanlının fikrincə, bu fərman Azərbaycanın balıqçılıq tarixində yeni bir səhifənin açılmasına imkan yaradacaq: ”Biz dəfələrlə müvafiq dövlət orqanlarına müraciət edərək bildirirdik ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da balıqçılıq sahəsi kənd təsərrüfatı sahəsinə aid edilməlidir. Bu sənədlə ilk növbədə balıqçılıq sahəsinin sahibi müəyyənləşdirilib. Tam məntiqli olaraq balıqçılığın dövlət tərəfindən tənzimlənməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Fərmanla nazirliyin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin yaradılması nəzərdə tutulub. Hesab edirik ki, bu, olduqca mütərəqqi addımdır və yaxın üç ildə bunu hər bir ölkə vətəndaşı hiss edəcək. Bazarlara hər bir Azərbaycan vətəndaşının əlinin çatacağı qiymətdə balıq və balıq məhsulları təqdim olunacaq”.
Z.Salmanlının sözlərinə görə, bazarlarda çeşidin artması qiymətlərin azalmasına gətirib çıxaracaq: “Bu sənəd daxili istehsalımızın artmasına səbəb olacaq. Azərbaycanda daxili bazarın diri və soyudulmuş balıq seqmentində bir çox növlərin, məsələn, çəkikimilərin, nərəcinsli balıqların, hətta soyuq su balıqları olan qızılbalıqkimilərin, o cümlədən əlvan forelin yetişdirilməsi üzrə rəqabətə davamlı məhsul istehsal etmək mümkündür”.
Balıqçılar İttifaqı –
nın sədri Əfqan Əliyevin qənaətincə, sözügedən fərman bu sahədə idxaldan asılılığımızı əhəmiyyətli dərəcədə azalda bilər: “İndiyədək balıqçılıq sahəsində qeyri-müəyyənlik hökm sürürdü. Nəticədə yerli istehsal mövcud tələbatın heç 10 faizini qarşılamırdı. Düzdür, son illər istehsal nisbətən artmışdı, amma bazarlar yenə də idxaldan asılı vəziyyətdə idi. Əslində Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada balıqçılığı inkişaf etdirmək üçün fəsil gözləmək lazım deyil. Məsələn, Rusiyada balıqçılığın inkişafı üçün yaz fəslini gözləyirlər. Bizdə isə belə bir problem yoxdur. Sadəcə, bu sahəni düzgün və sistemli şəkildə inkişaf etdirmək üçün konkret mexanizm olmalıdır. Eyni zamanda, balıqartırma zavodlarının fəaliyyəti bərpa edilməlidir”.
Mənbə : kaspi.az