
Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası: 8-19 martda keçiriləcək
Novruz bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-19 mart tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq. Bu tədbir vətəndaşların bayram günlərində təzə və sağlam kənd məhsullarına asan çıxışını təmin etmək məqsədilə keçirilir.
Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında baş tutacaq və 12 gün fasiləsiz davam edəcək. Burada 20-dən çox regiondan gələn 55-dən artıq fermer, 150-dən çox kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaq.
Fermerlər məhsullarını heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və lazımi avadanlıqlarla təmin olunaraq təqdim edəcəklər. Bu da məhsulların birbaşa istehsalçılardan alınmasını, daha sərfəli və təzə olmasını təmin edir.
Yarmarka zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar istədikləri məhsulların keyfiyyət göstəricilərini laboratoriya vasitəsilə yoxlaya bilərlər.
“Kənddən Şəhərə” Novruz yarmarkası həm istehlakçılar, həm də fermerlər üçün böyük fürsətdir. Yerli məhsulları dəstəkləmək və bayram süfrənizi ən təbii məhsullarla bəzəmək üçün bu fürsəti qaçırmayın!